Selcan Nəsiblinin UĞURLU PERFORMANSI

Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keşirilib.

Konsertin solisti Selcan Nəsibli (soprano) ötən əsrin amerikalı bəstəkar və musiqişünası Samuel Barber və XIX əsrin Alman bəstəkarı Rixard Strausun əsərlərini səsləndirib. Azərbaycan səhnəsində ilk dəfə çıxış edən gənc solist Selcan Nəsibli təəssüratlarını bölüşərək qeyd edib ki, tam ali təhsil aldıqdan sonra bir çox ölkələrdə konsertlərdə çıxış edib. Buna baxmayaraq gənc solist Azərbaycan tamaşaçısının qarşısına çıxmaq üçün yetərincə təcrübəsinin olmadığını düşünüb:

- Adətən həmişə konsertdən əvvəl özümdə adrenalin axını hiss etmişəm və həyəcanı özümdən uzaqlaşdırmışam. Xoşbəxtlikdən Bakıdakı ilk konsertimdə də bu hissləri yaşadım və ümid edirəm ki, tamaşaçı mənim necə narahat olduğumu hiss etmədi. Mən bir çox Avropa ölkələrinin opkestrləri ilə çalışdım. Amma vurğulamaq istəyirəm ki, Azərbaycan Dövlət Simfonik Orkestrindən xüsusi zövq aldım. Onlar əsl peşəkardırlar və onlarla eyni səhnəni bölüşdürmək mənim üçün böyük xoşbəxtlikdir.

Sürəkli alqışlarla yekunlaşan konsertdən sonra tamaşaçılar gənc solistin ifası haqqında xoş təəssüratlarını bölüşüblər: Sona Hüseynova, filoloq: Selcan xanımın ifaları olduqca yüksək səviyyədədir. İnanıram ki, bu gənc xanın çox qısa bir müddətdən sonra bütün dünyada tanınacaq. Səhnə mədəniyyəti, mükəmməl ifa, ciddi performans yəqin ki, bütün tamaşaçılarda məndə olduğu kimi yalnız xoş təəssüratlar yaratdı. Uğurlar arzulayıram.

Hikmət Xudiyev, əməkdar jurnalist: Gənc olmasına baxmayaraq Selcan Nəsiblinin səsi artıq Almaniyanın, İngiltərənin, Fransanın mötəbər səhnələrindən eşidilir. Qürurverici haldır ki, Azərbaycanla bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə bu gənc xanım ölkəmizi ləyaqətlə təmsil edir. Onun bu günkü çıxışı da bir daha deməyə əsas verir ki, Selcan Nəsibli gələcəkdə daha böyük uğurlara imza atacaq. Qeyd edək ki, konsert Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Modern.az

June 23, 2018