Londonda “Xəzərin işıqları” parladı

Londondakı “Guildhall” zalında Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə London Kral Simfonik Orkestrinin ifasında “Xəzərin işıqları” (Caspian Lights) adlı Azərbaycan musiqisi konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, “Buta” İncəsənət Mərkəzi tərəfindən təşkil edilən konsert “Kaspian Korridor” konfransı və Londonda ikinci “Buta” Azərbaycan Mədəniyyəti Festivalı çərçivəsində reallaşıb. Konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Nurlan Növrəsli (vokal), Selcan Nəsibli (soprano), Nəzrin Rəşidova (skripka), həmçinin RSVP Voices kişi xoru iştirak edib.

Konsert proqramında Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Tofiq Quliyevin “Onu bağışlamaq olarmı?” filmindən “Qəmgin mahnı”, Polad Bülbüloğlunun “Gəl ey səhər” və “Durnalar”, Asəf Zeynallının “Ölkəm”, Oqtay Zülfüqarovun “Bayram uvertürası”, Niyazinin “Qaytağı”, Musa Mirzəyevin əsərlərindən və bir sıra digər musiqilər səsləndirilib. Bütün konsert Tofiq Quliyev, Niyazi, Rəşid Behbudov kimi korifeylərin konsertlərindən videokadrlar, habelə Azərbaycan filmlərindən kadrlarla müşayiət olunub.

“Buta” İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev tədbir haqda deyib:

“Bu gün London tamaşaçılarına tamamilə yeni bir proqram təqdim etdik. Əsərlərin əksəriyyəti ilk dəfə səsləndi. Belə premyeralar Londonun bizim mərkəzimiz üçün xüsusi şəhər - əllidən çox tədbir keçirdiyimiz bir məkan olmasına səbəb olur. Ümidvaram ki, Britaniya paytaxtı sakinlərinin Azərbaycan mədəniyyətinin zənginlikləri ilə tanışlığı davam edəcək. Çalışmalıyıq ki, hər bir konsertimizi “Guildhall” da olduğu kimi tamaşaçılar ayaq üstündə alqışlasınlar. Onda Britaniya sakinləri Azərbaycan musiqisinin bütün sözlə təsvir edilməyən gözəlliyini və dərinliyini layiqincə qiymətləndirə biləcəklər. Azərbaycan Beynəlxalq Bankına bu konsertin təşkilində verdiyi dəstəyə görə ürəkdən minnətdarıq”.

Qeyd edək ki, Londonda Azərbaycan incəsənətinin və mədəniyyətinin geniş təbliğ edilməsinə həsr olunmuş “Buta 2015” festivalı çərçivəsində “Sadler’s Wells” teatrında iki gün Akram Xanın çıxışları olacaq. Akram Xan azərbaycanlı caz pianoçusu Şahin Növrəsli ilə birgə çıxış edəcək.

Azertag.az

March 06, 2015