“Niyazi” konserti Londonda

Buta Azərbaycan İncəsənəti Festivalı Londonda “Niyazi” konsertini təqdim edib.

Konsertdə Kral Filarmonik Orkestri tərəfindən klassik musiqini ənənəvi Azərbaycan motivləri ilə birləşdirən əsərlər ifa edilib. Konsertdə gənc soprano Selcan Nəsiblinin ifasında Niyazinin orkestrləşdirdiyi “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası və “Arzu” romansı, Asəf Zeynallının Niyazi tərəfindən orkestrləşdirilən “Muğamsayağı” əsərinin skripkada solosu, “Rast” simfonik muğamı səsləndirilib.

Beş ay müddətində davam edəcək 2014-15-ci il Buta İncəsənət Festivalı Londonda Azərbaycan xalçaçılıq sənətinin qədim ənənələrindən tutmuş müasir fotoqraflarımızın yaradıcılığı, caz musiqiçilərinin ifaları və müasir immersiv teatr atmosferində canlı çıxışlara qədər müxtəlif incəsənət nümunələrini nümayiş etdirən tədbirləri əhatə edəcək. Festivalda həmçinin YARAT Müasir İncəsənət Məkanını təmsil edən yeddi rəssam öz əsərlərini Londonun ictimai yerlərində nümayiş etdirəcək.

Palitranews.az

December 11, 2014